“Prima Consulting” tərəfindən növbəti “KOB Fest” sərgi-satış yarmarkası keçirilib
Heydər Əliyev parkında keçirilən “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də sənətkarların və yaradıcı insanların əl işləri təqdim olunub. Yarmarkada Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və digər rayonlardan olan sahibkarlar yerli istehsal olan çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif ərzaq məhsulları, hədiyyələr, əl işləri, bank, təhsil və tibb xidmətlərini nümayiş etdiriblər. Bundan əlavə, yerli turizm şirkətləri tərəfindən cənub bölgəsinin milli mətbəxi sərgi iştirakçılarına təqdim olunub.
“KOB Fest” çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes xidmətlər göstərilib, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunub. “KOB Fest”in təşkilində məqsəd bölgədə KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.